"Azərbaycanda koronavirus pandemiyası davam etdiyindən təhlükə sovuşmayıb".
Bunu report-a açıqlamasında həkim-infeksionist Aytən Ziyadova deyib.
O bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir. Bu isə təhlükənin sovuşmadığından xəbər verir:
"Bu səbəbdən profilaktik tədbirlərə əməl edilməsi çox vacibdir. Karantin rejiminin uzadılması da məhz bununla əlaqədardır. Çünki mövsümlə əlaqədar digər infeksion xəstəliklər müşahidə olunur. Onlar arasında tək-tək olsa belə, koronavirus müşahidə ediləcək. Bu səbəbdən istər uşaqlar, istərsə də böyüklər kliniki əlamətlərə qarşı diqqətli olmalıdırlar. Hərarətin davamlı olduğu, sümük ağrılarının şiddətli olduğu tədqirdə test edilməli, koronavirus olub-olmaması dəqiqləşdirilməlidir".
Həkim qeyd edib ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti peyvəndlənib:
"Lakin peyvənd olunamayanlar və ya tam peyvəndlənməyənlər hələ də qalmaqdadır. Onlar da mütləq peyvənd olunmalıdırlar. Eyni zamanda bəzi insanlar xüsusilə diqqətli olmalıdırlar. Daim immunitetlərini yaxşı tutmalı, sağlam qidalanmalıdırlar. Onlar qapalı mühitlərdə maska istifadə etməlidirlər".