Oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günüdür.
İnfoteka.az Medicina.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Dilarə Xəlilova insultla bağlı açıqlama verib.
"İnsultun yaranma mexanizminə görə əsas 2 növü vardır: işemik və hemorraqik. İşemik növü bütün insultların 80-85%, hemorraqik isə 15-20% təşkil edir. İşemik insult zamanı beyin damarlarında trombotik, embolik tutulma yaranır, həmin hövzədə qan təchizatı pozulur və nekroz yaranır.
Ümumi klinik əlamətləri aşağıda göstərilənlər ola bilər: bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hərəkətin (plegiya) və ya hissiyyatın pozulması, görmənin zəifləməsi, nitqin aydınlığının pozulması (dizartriya), hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma aktının pozulması, qıcolma tutmaları, yaddaşın, tanıma qabiliyyətinin pozulması, şüurun pozulması.
İnsultun baş verdiyini tez anlayıb, tez bir zamanda xəstəxanaya çatdırmasının xəstə üçün böyük əhəmiyyəti vardır. Bu səbəbdən bütün dünyada əhalini maarifləndirmək üçün BE FAST sindromu öyrədilir:
İnsultun insandan asılı olan və olmayan səbəbləri vardır. Təbii ki, insan yaşını, cinsini, irsiyyətini dəyişə bilmədiyinə görə özünü nə qədər qorusa da, insulta tutulma ehtimalı var. Lakin həyat tərzinə diqqət edilsə, bu ehtimal minimuma qədər endirilə bilər. Belə ki, insan sağlam qidalanmalı, çəkiyə diqqət etməli, aktiv həyat tərzi sürməli, zərərli vərdişlərdən uzaq olmalıdır. Əgər öncə sadaladığım risk faktorları (təzyiq, şəkər, qanda xolesterin səviyyəsi, laxtalanma, ürək-damar xəstəlikləri) varsa, onları mütləq şəkildə kontrol altında saxlamalı, vaxtlı-vaxtında müayinələrdən keçməlidir".