“Rusiya Federasiyasının səylərini xüsusi şərh etməyəcəyəm, sadəcə, deyə bilərəm ki, qarşıdan gələn danışıqlarda hansı yanaşmadan istifadə ediləcəyinə ancaq bu iki ölkə (Azərbaycan və Ermənistan - red.) qərar verməlidir”.
İnfoteka.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi üzrə hər hansısa planının mövcud olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.
“ABŞ bu iki ölkənin tərəfdaşıdır. Biz onilliklərdir hər iki ölkənin tərəfdaşıyıq. Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ-dan böyük tərəfdarı yoxdur. 1991-ci ildə Ermənistanın, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə öz xarici siyasət maraqlarını həyata keçirmək, Moskvadan və ya dünyanın hər hansı digər dövlətindən asılı olmayaraq öz maraqlarını izləmək hüququnu təmin edən əlamətdar hadisə idi”, - xarici siyasət idarəsinin sözçüsü qeyd edib.
Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla təmasda olarkən bunu “ancaq və ancaq” bir məqsədlə edir: zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna qoymaq:
“Biz bu ölkələri - Ermənistan və Azərbaycanı onlara daha çox faydalı olan formatda görüşməyə çağırdıq və aydınlıq gətirdik. Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq. Mən Rusiya Federasiyasının səylərini xüsusi şərh etməyəcəyəm, sadəcə, deyə bilərəm ki, qarşıdan gələn danışıqlarda hansı yanaşmadan istifadə edəcəyinə ancaq bu iki ölkə qərar verməlidir”.