Ukrayna polisi Qostomel yaxınlığındakı “insan ovu”nu həyata keçirən rusiyalı hərbçilərdən beşinin kimliyini müəyyənləşdirib.
Bu barədə tanınmış rusiyalı bloqer Rüstəm Adegeyev özünün sosial şəbəkə hesabından məlumat verib.
O, paylaşımına həmin anların əks olunduğu kadrları da əlavə edib.
Bloqerin sözlərinə görə, görüntülər 2022-ci il fevralın 25-nə aiddir. Videoda Krasnoyarsk OMON-un döyüşçülərinin bir neçə saat ərzində yoldan keçən maşınları atəşə tutması əks olunub.
“Bu əclaflar özləri üçün safari turu təşkil edərək əyləniblər”, - deyə o, qəzəblə yazıb.
Adegeyev həmin günü azı 11 nəfərin öldüyünü, daha 15 nəfərin isə yaralandığını bildirib.
“Ölənlər arasında Rusiya, Almaniya vətəndaşı və Daxili İşlər Nazirliyinin Buça şəhəri üzrə idarəsinin iki əməkdaşı da var”, - deyə o əlavə edib.
Videonun sonunda Ukrayna polisi “insan ovu”nda iştirak edən Rusiya Milli Qvardiyasının hərbçilərinin kimliyini açıqlayıb.
“Ümid edirəm ki, nə vaxtsa onlar törətdikləri cinayətin cəzasını alacaqlar”, - deyə Adegeyev sözlərini yekunlaşdırıb.