Əsas məqsədi sağlamlıq imkanları məhdud olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhfə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarət olan “Biz Birik - İnklüziv və sağlam həyat” layihəsinin davamı olaraq “Tovuz – Gənclər Paytaxtı 2022” çərçivəsində Tovuz rayonun mərkəzində inklüziv veloyürüş həyata keçirilib.
İnfoteka.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyini təşkilatçılığı ilə baş tutan yürüşdə bir qismi Vətən müharibəsi qazisi və ümumi səbəblərdən sağlamlıq imkanları məhdud olan 40-dan çox gənc iştirak edib.
Finiş nöqtəsində yürüş iştirakçılarını qarşılayan Tovuz Olimpiya İdman Kompleksində fəaliyyət göstərən idmançılar daha sonra öz çıxışlarını təqdim ediblər.
Sonra oktyabrın 26-27-də nəzəri və praktiki hissədən ibarət olan təlimdə iştirak etmiş iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.