"Rəqibi dərindən təhlil edəcək, qarşımızda duran problemlərə ən yaxşı cavabı verəcək taktiki aspektləri işləyib hazırlayacağıq".
İnfoteka.az-ın məlumatına görə, bunu qadın həndbolçulardan ibarət Portuqaliya milli komandasının baş məşqçisi Xose Antoniu Silva Azərbaycana qarşı keçirəcəkləri 2023-cü il dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələ matçı barədə yerli mətbuata açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssis bildirib ki, strategiyanı müəyyən etdikdən sonra oyun modelini Çingiz Əzimovun baş məşqçi olduğu kollektivə uyğunlaşdırmağa çalışacaqlar: "Artıq həndbolçularımızda rəqib oyunçular haqqında müəyyən təsəvvürlər var. Lakin dediyim kimi, yaxın günlərdə Azərbaycan seçməsini daha ətraflı analiz edəcəyik".
Portuqaliya yığması 4 gündür Azərbaycanla oyuna hazırlığı davam etdirir. Komandalar arasında görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin "Multiusos de Paredes" arenasında təşkil olunacaq.