Infoteka.az
İdman

Emin Mahmudov: “Azərbaycanda futbolçuların maaşları yüksəkdir”

“Azərbaycanda futbolçuların maaşları Gürcüstandakından yüksəkdir. Hətta “Qarabağ”, “Neftçi” və “Sabah”da yüksək maaşlar var. Bu, Rusiya Premyer Liqasının ikinci səkkizliyində olduğu kimidir”.

Bunu “Neftçi”nin kapitanı Emin Mahmudov Rusiyanın Sports.ru saytına müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi ölkədəki kiçik klubların oyunçularının məvaciblərinin Rusiya Milli Futbol Liqasındakı komandaların futbolçuları ilə eyni olduğunu bildirib:

“Qarabağ”ın liderləri daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar. Mən isə karyeramdakı ən böyük maaşı “Neftçi”də almıram. Bu, ən azlardan biridir. Rusiyada, hətta “Saturn”un birinci komandasında belə, dollarla müqayisədə buradan daha çox maaş alırdım. Əvəzedicidən gələndə üç min dollar qazanırdım. Amma sonra bunu sürətlə qaldırdılar. Artıq stabil çıxış edirdim və başqa klublar məni almaq istəyirdilər”.

Millimizin üzvü “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışları ilə bağlı da danışıb.

O, Ağdam klubunun gücünün oyun sistemində olduğunu deyib:

“O, avrokuboklarda “Ferentsvaroş” və “Olimpiakos”u asanlıqla məğlub etdi. “Qarabağ” rəqiblərini öz istədiyi kimi oynamağa məcbur edir. O, digər komandaları topsuz qaçmağa vadar edir. “Zenit” gəlsə, onu da məcbur edər. “Qarabağ” Rusiya çempionatında 100 faiz çempionluq üçün mübarizə aparardı".

Mahmudov jurnalistin “Zarafat etmirsiniz ki?” sualına isə belə cavab verib:

“Xeyr. Ciddi deyirəm. Rusiyanın hansı klubu Avropa Liqasında onlar səviyyəsində oynayıb ki? Rusiya klubları bir-iki oyun udur, qrupu keçir və bayram edirlər. Heç Konfrans Liqasında iki komandanı keçə bilmədilər. “Qarabağ” hər il son mərhələyə qədər irəliləyir. Bu il o, Polşa çempionunu 5:1, İsveçrə çempionunu 3:2, Macarıstan çempionunu səfərdə 3:1 hesabı ilə məğlub etdi. Əgər  “Qarabağ” oyunçuları Avropanın böyük klublarının forması ilə meydana çıxsalar, insanlar fərqi hiss etməzlər”.

Infoteka.az