Infoteka.az
Sosial

Türkiyəli səyyahlar: Səfər zamanı erməni vandallığının şahidi olduq

Türkiyəli səyyahların işğaldan azad edilmiş ərazilərə 3 günlük səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.

İnfotek.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Səyyahlar Klubunun prezidenti Salman Arınc səfərlə bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, ziyarətləri boyunca erməni vandallığının şahidi olublar:

“Biz Respublika günümüzün 99-cu ildönümünü azad edilmiş Qarabağda qeyd etmək qərarı alaraq səfərdə iştirak etdik. Səfərimiz zamanı işğaldan azad edilən bütün əraziləri, bu gün isə Xudafərin körpüsünü ziyarət etdik. Hər yerdə dağıdılmış, yağmalanmış binalar var idi. 30 il bundan öncə bu torpaqlar işğal olunub. O dövrdə bu işğalın qarşısını almaq mümkün olmadı. Beləliklə, xarici dövlətlərdən dəstək alan ermənilər insafsızcasına qətliamlar gerçəkləşdirdilər”.

Salman Arınc qeyd edib ki, yol boyunca Azərbaycan bayrağı ilə yanaşı. Türkiyə bayraqlarının asıldığını görüb: “Bu, dostluğumuzun, qardaşlığımızın göstəricisidir.

Eyni zamanda, bu gün həmin ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılır. Əsas məsələlərdən biri də Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilməsidir. İnşallah, bunun də gerçəkləşməsinin şahidi olacağıq”.

Daha sonra çıxış edən səyyah Uğur Demircan işğaldan azad olunmuş ərazilərə ikinci dəfə səfər etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, xüsusən Laçında qısa müddət ərzində aparılan quruculuq işləri onu heyrətləndirib:

“Ötən il ilk səfərimizdə Laçın ərazisindən keçmişdik. Avtomobildən düşüb ətraflı baxmaq imkanımız olmamışdı. Lakin budəfəki səfərimiz sözün yaxşı mənasında bizi heyrətləndirdi. Bildiyiniz kimi, təxminən 2 ay öncə Laçın tamamilə Azərbaycanın nəzarətinə keçdi. Bu müddətdə aparılan quruculuq işlərindən sonra tamam fərqli bir Laçın gördüm”.

Səyyahlar səfərin xüsusən bu ərazilərdə turizmin inkişaf etdirilməsinə töhfə verəcəyinə inandıqlarını ifadə edib, təəssüratlarını beynəlxalq tədbirlərdə bölüşəcəklərini bildiriblər.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər ediblər. Bu səfərlər çərçivəsində ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

Infoteka.az