Oktyabrın 28-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsini icra edən Osman Xaliyev arasında görüş keçirilib.
İnfoteka.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar, çap və onlayn mediaya dəstək layihələri barədə ətraflı məlumat verib. O, media subyektlərinin biznes strukturu kimi formalaşmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra Osman Xaliyev Fondun fəaliyyəti, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, güzəştli kreditlərin verilməsi ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verib.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi və potensial əməkdaşlıq imkanlarıyla bağlı müzakirələr aparılıb.