İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya” çərçivəsində 136 ölkə ilə məlumat mübadiləsi həyata keçirir və nəticədə genişmiqyaslı vergi məlumatlarına çıxış əldə edilir.
İnfoteka.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 2017-ci ildə Dövlət Vergi Xidməti bu Konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə isə “Ölkələrarası hesabatların mübadiləsinə dair səlahiyyətli orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. İlkin olaraq maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsinə dair 90 ölkə, daha sonra isə 99 ölkə ilə tərəfdaşlıq razılaşdırılıb, ölkələrarası hesabatların mübadiləsinə dair 89 ölkə ilə tərəfdaşlıq bəyan edilib. Bu sazişlər ölkədə vergitutma bazasının qorunması, vergidən yayınmanın qarşısının alınması və mənfəətin digər ölkələrə köçürülməsinə dair mübarizənin aparılmasına xidmət edir.
Ötən dövr ərzində Çoxtərəfli Razılaşmaya və Çoxtərəfli Sazişə yeni üzvlər qoşulduğundan, Azərbaycan maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi üçün daha 17 ölkə (Bruney, Dominika, Ekvador, Yamayka, Qazaxıstan, Keniya, Liberiya, Maldiv adaları, Moldova, Monteneqro, Mərakeş, Yeni Kaledoniya, Oman, Peru, Tailand, Uqanda, Vanuatu) və dövlətlərarası hesabatların avtomatik mübadiləsi üçün daha 2 ölkə (Barbados, Maldiv adaları) ilə tərəfdaşlığı genişləndirib.
Nəticə etibarilə, Azərbaycan maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi çərçivəsində 116 ölkə, ölkələrarası hesabatların avtomatik mübadiləsi çərçivəsində isə 91 ölkə ilə məlumat mübadiləsi aparacaq.