İran Rusiyaya daha minə yaxın silah, o cümlədən qısa mənzilli "yer-yer” ballistik raketləri və əlavə zərbə dronları göndərməyə hazırlaşır.
İnfoteka.az "Qaynarinfo"-ya istinadən xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan Qərb ölkələrindən birinin rəsmi mənbələrinə istinadən məlumat yayıb.
Silah tədarükü Kremlə döyüş meydanında əhəmiyyətli üstünlük verə bilər.
Mənbələr bildirirlər ki, İrandan Rusiyaya göndərilən son silah tədarükü arasında Rusiya ordusunun Ukraynada istifadə etdiyi 450-yə yaxın pilotsuz uçuş aparatı olub. Ötən həftə Ukrayna rəsmiləri 300-dən çox İran PUA-sını vurduqlarını bildiriblər.
Bundan əvvəl Rusiyaya İrandan "Fateh-110”, uçuş məsafəsi 300 və 700 km olan "Zolfaghar” raketlərinin tədarükünün hazırlandığı məlum olub.
İran Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya silah tədarükünü rəsmən rədd edir. Kreml də bu barədə xəbərləri təkzib edib. Oktyabrın 26-da Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə İranın 400-ə yaxın "Şahed-136” pilotsuz uçuş aparatından istifadə edib.
"Artıq 400-ə yaxın İranın pilotsuz uçuş aparatı Ukraynanın mülki əhalisinə qarşı istifadə olunub... Buna baxmayaraq, mən hərbçilərimizə minnətdaram, onların 60-70 faizi vurulub. Bu, yaxşı nəticədir. Mən İranın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində öz yaxınlarını itirən hər kəsə başsağlığı verirəm”, deyə Ukrayna Prezidenti Qvineya-Bisau Prezidenti Umaru Şisoku Embalo ilə görüşdə bildirib.