“Qarabağ” klubunun oyunu ilə əlaqədar noyabrın 3-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni” nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək.
Bundan əlavə, “Qarabağ” FK-nın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saatı 01:00-a qədər uzadılacaq.
Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.