Infoteka.az
Sosial

"Tərtər işi”nə görə məhkum olunan şəxslərin apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb

Gəncə Apellyasiya Məhkəməsində "Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

İnfoteka.az "Report"un Qərb bürosuna istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə həmin şəxslərin anket məlumatları dəqiqləşdirilir.

Hazırda proses davam edir.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Infoteka.az