Dünən Bakıda “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib.
İnfoteka.az APA-ya istinadən xəbər verir ki, konfransda çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov deyib ki, Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minalar hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
O bildirib ki, ölkədə fəaliyyət göstərən QHT-lər bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb.
A.Allahverənovun sözlərinə görə, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub.
Agentliyin Müşahidə Şurasının üzvü qeyd edib ki, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir: “Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır və bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas sütunlarından biridir”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev qeyd edib ki, son dövrlər azad edilən ərazilərdə mina ilə bağlı hadisələrə tez-tez rast gəlinir. Bir ay ərzində artıq 7-8 hadisə baş verib.
Onun sözlərinə görə, əhalinin geriyə dönüşü artdıqca problemlər də çoxalır: “Geri qayıdan əhali arasında maarifləndirmə işlərinin daha çox aparılmasına ehtiyac var”.