Infoteka.az
İdman

Qurban Qurbanov: "Heç bir psixoloji problemimiz yoxdur"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Frayburq" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə fikirlərini bildirib:

"Bütün fikrimiz bu oyundadır. Qarşımızda intizamlı, güclü komanda var. Ona görə də istəyirik ki, tam gücümüzlə bu matça köklənək. Qrupda məğlubiyyəti olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi artıq tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".

Qurbanov zədəli futbolçuların vəziyyətinə toxunub: "Bədavi Hüseynov oynamayacaq. Leandro Andrade də zədəlidir. Qara Qarayev isə hələlik komanda ilə məşq etmir".

Təcrübəli mütəxəssis komandadakı psixoloji durumdan da söz açıb: "Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandı. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişk. Hamımız birlikdə gücümüzü bir edib rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".

Infoteka.az