Xalq yazıçısı Elçin beynəlxalq mükafat alıb.
İnfoteka.az "Kulis.az"-a istinadən xəbər verir ki, Xalq yazıçısı Elçin qardaş Türkiyədə ən çox əsərləri nəşr olunan müasir yazıçılardan biridir. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” kimi romanları, povest və hekayələri, esseləri ölkənin nüfuzlu nəşriyyatları tərəfindən dəfələrlə çap edilmişdir. Bunu demək kifayətdir ki, Türkiyədə
Xalq yazıçısının otuza qədər kitabı çapdan çıxmış, pyesləri Ankara, Konya, Ərzurum Dövlət teatrlarında, İstanbul Böyük Bələdiyyə Teatrında tamaşaya qoyulmuş, onun əsərləri əsasında doktorluq dissertasiyası müdafiə edilmişdir. Elçin Türkiyənin bir sıra nüfuzlu universitetlərinin fəxri doktorudur. 2013-cü ildə görkəmli yazıçının “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyni adlı film Azərbaycan-Türkiyə kinematoqrafçıları tərəfindən iki ölkənin ilk müştərək ekran əsəri kimi tamaşaçılara təqdim olunmuşdur.
Bu günlərdə Türkiyənin məşhur “Star” qəzeti tərəfindən təsis edilmiş “Nəcib Fazil adına Beynəlxalq mükafat”ın “Mədəniyyət və incəsənət” nominasiyası üzrə qalibi Elçin elan olunmuşdur. O, bu nüfuzlu mükafata “İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə” layiq görülmüşdür.
Qeyd etmak lazımdır ki, “Nacib Fazil adına Beynalxalq ödül” Türkiyə Respublikasında məşhur və nüfuzlu mükafatlarından biridir.