Infoteka.az
İdman

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

"Azərbaycan derbisindən gözləntilərim yüksəkdir. Hər iki komanda qələbə qazanmaq üçün sonadək döyüşəcək. Bu, çempionatımızın ən maraqlı oyunudur".

İnfoteka.az xəbər verir ki, bunu report-a açıqlamasında "Səbail"in sabiq baş məşqçisi Aftandil Hacıyev "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının VIII turunun mərkəzi qarşılaşması barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis matçda ən az səhv edən tərəfin qələbə qazanacağını bildirib: "Hər iki komandadakı aparıcı futbolçuların oyunundan çox şey asılı olacaq. "Neftçi"dən Kenni Sayef, Emin Mahmudov və Yusuf Laval, "Qarabağ"dan isə Kadi Borges, Abdullah Zubir və digərləri belə görüşlərin taleyinin həll edilməsində xüsusi rol oynaya bilər. Azarkeş amilini də xüsusi vurğulamaq lazımdır. Fanatların fəallığı da matçın gedişatına təsir edəcək. Mübarizəli oyun olacaq. "Qarabağ"ın formada olduğunu nəzərə alsaq, əzmkarlıq "Neftçi"nin bu görüşdə uğur qazanmasına kömək edə bilər. Amma bütün hallarda hər iki komandanın şansları bərabərdir".

O, "köhlən atlar"ın Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu ilə bağlı heyətdə çox dəyişiklik etməyəcəyini söyləyib: "Çempionatda qısa fasilə yaranmışdı. Bu səbəbdən millidən qayıdan oyunçuların hansı durumda olmasına baxmaq lazımdır. "Qarabağ"da əsas heyət anlayışı artıq aradan qalxıb. Bundan əvvəl də gördük ki, baş məşqçi Qurban Qurbanov hər matçda dəyişikliklərə əl atır. Önəmli olan qarşılaşmayadək futbolçuların sağlamlıq durumunun hansı vəziyyətdə olmasıdır. "Neftçi" ilə görüş də onlar üçün önəmlidir. Qurban Qurbanovun hər hansı ekspermentə əl atacağını düşünmürəm. Maksimum nəticə qazanmaq üçün istədiyi "11-lik"lə meydana çıxacaq. Bu sözləri "Neftçi" haqqında da söyləmək olar".

Hacıyevin fikrincə, "Qarabağ"ın milli komandalara çox futbolçu verməsi Ağdam təmsilçisi üçün problem yarada bilər: "Çünki yığmadakı futbolçular iki həftədən çox Qurban Qurbanovun sərəncamında olmayıb. "Neftçi"də bu say üçdürsə, "Qarabağ"da bəlkə də doqquzdur. Ona görə bu məqam "köhlən atlar" üçün bir qədər çətinlik yarada bilər. Hər şey oyunçuların bərpa prosesinin necə olmasından asılıdır".

Qeyd edək ki, oktyabrın 1-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:00-da başlayacaq.

Infoteka.az