Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.
İnfoteka.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 19 xalla 4-cü, əyalət təmsilçisi isə 17 xalla 5-ci pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 28 dəfə qarşılaşıb. Bunların 9-da “qırmızı-qaralar”, 6-da “qartallar” qələbə qazanıb. 13 qarşılaşma sülhlə başa çatıb. Topların nisbətində də bölgə təmsilçisinin üstünlüyü var - 33:24.
Son iki qarşılaşmada üç qol vurulub. “Qəbələ”nin meydanındakı son dörd matçda heç-heçə qeydə alınıb.
Günün digər oyununda “Neftçi” “Sumqayıt”da eyniadlı komandanın qonağı olacaq. “Ağ-qaralar” 25 xalla 3-cü sırada yer alıblar. Dörd xalı olan “gənclik şəhəri” təmsilçisi isə sonuncudur.
Komandalar bunadək Premyer Liqada 40 dəfə üz-üzə gəliblər. Bunların 20-si “Neftçi”nin, 12-si “Sumqayıt”ın xeyrinə yekunlaşıb. 8 görüşdə qalib müəyyənləşməyib. Bakılıların vurduğu 61 qola sumqayıtlılar 44 topla cavab veriblər.
“Neftçi” son üç oyunda qalib gəlib. “Sumqayıt” iki matçdır ki, qol vura bilmir.