“Bu gün televiziya rəqabətədözümlü olmalıdır, çünki indi pult tamaşaçının əlindədir və onun kanalı dəyişməyi üçün bir saniyə kifayətdir”.
İnfoteka.az xəbər verir ki, bu fikirləri ARB-24 kanalına müsahibəsində “Xəzər” Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib. Qanunveriliciyin tələblərinin televiziyalar üçün daha ciddi olduğunu söyləyən Murad Dadaşov sosial şəbəkələrdə bu məsuliyyətin olmadığını və məlumatın dəqiqliyinin şübhə doğura biləcəyəni deyib.
Mərkəzin rəhbəri hazırda mediada aparılan islahatların nəticələri barədə də danışıb:
“Yeni ildən biz artıq medianın yeni ölçü sisteminin işinin bəhrəsini görəcəyik. Əvvəlki reytinqlərin ölçü sisteminin fəaliyyəti ona gətirib çıxardı ki, biz əksəriyyət tamaşaçımızı televiziyamızdan küsdürdük və televiziyalar o qədər də tələbkar olmayan tamaşaçı auditoriyasının ixtiyarında qaldı. İntellektual verilişlər arxa plana keçdi. Əslində, bütün dünyada hazırda vəziyyət belədir. Televiziya bizə ənənəvi proqram verir, telefon sayəsində isə nəyə baxacağımızı özümüz müəyyənləşdiririk”.
Murad Dadaşov reytinqə əsaslanaraq fəaliyyət göstərməyin çətinliyindən bəhs edib:
“Bu gün televiziyaların idarəçiləri üçün əsas məsələ həm reytinq, həm maarifləndirmə, həm də informasiyanı tamaşaçıya çatdırmaq arasında balansı tutmaqdır. Reytinqə qalsa, biz tamamilə başqa verilişlər göstərməliyik. Bizim sahənin coğrafi baxımdan çətinliyi odur ki, tamaşaçımız rusca, ingiliscə, türkcə verilişlərə baxa bilir. Bu səbəbdən də Azərbaycan televiziyaları reklam bazarını həm də burada itirir. Amma yerli kanalların istehsal etdiyi keyfiyyətli məhsul, proqramlar və seriallar yenə də baxılır”.
“Xəzər” Televiziyasında fəaliyyətinin çətin dövrə təsadüf etdiyini vurğulayan Murad Dadaşovun sözlərinə görə, vizual dəyişikliyi görmək üçün hələ ki tezdir:
“Əslində, mən komanda ruhlu insanam. “Xəzər” TV-yə rəhbər təyin olunandan qısa müddət sonra pandemiya başladı, sonra da Vətən müharibəsi oldu və kanalın əsas gəlir gətirən formatı, yəni əyləncəli-musiqili verilişlər arxa planda qaldı. O dövr ərzində kollektivin maaş fondunun zamanında yığılması, çatışmayan avadanlıqları almaq, internet platformasını genişləndirmək qarşımda böyük vəzifə idi. Vaxtilə “Xəzər” telekanalı çox nüfuzlu xəbər kanalı idi, amma mən gələndə bura daha çox əyləncəli kanal kimi tanınmışdı. Artıq biz “Xəzər” İnformasiya Agentliyi yaratmaq istiqamətində işlər görürük, müxtəlif platformalarda keyfiyyətli filmlərimiz də nümayiş olunur. Daha bir filmimiz isə 8 noyabr tarixində tamaşaçılara təqdim olunacaq”.
Murad Dadaşov cəmiyyətdə radioya münasibətlə bağlı yanlış təsəvvürlərin olduğunu deyib:
“Reytinq monitorinqi olmadığı üçün bizə elə gəlir ki, Azərbaycanda radionu ancaq sürücülər dinləyirlər. Lakin bu, belə deyil. Biz bu gün nəinki radionu, həm də rəqəmsal platformaları nəzərə almalıyıq. Bütün bunlar hamısı informasiyanı auditoriyaya çatdırmaq üçündür. Bu gün tematik radioların olması çox vacibdir”.
M.Dadaşov son olaraq ilin sonunda “Xəzər” Media Mərkəzində maraqlı yeniliyin olacağını da açıqlayıb. Mərkəz rəhbəri bu yenilikdən təfərrüatı ilə ilk olaraq məhz tamaşaçılarımızın xəbər tutacağına da işarə verdi.