"Şuşaya səfər etmək Fuat Oktayın öz arzusudur."
İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Şuşada Türkiyənin Vitse-prezidenti Fuat Oktayla mətbuat konfransında deyib.
Baş nazir, Prezident İlham Əliyevin Fuat Oktayı qəbul etdiyini xatırladıb: “Bu görüş zamanı Azərbaycan-Türkiyə strateji əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verilib. O tapşırıqlar Azərbaycan hökuməti qarşısında da qoyulub. Biz iki gün ərzində indiyə qədər qazanılmış nailiyyətləri daha da sürətləndirmək üçün işləri planlaşdırdıq. Gələcəkdə onları reallaşdırmaq üçün ciddi fəaliyyət planımız mövcuddur”.
Baş nazir Fuat Oktayın dəvəti ilə Türkiyəyə səfər etdiyini də də xatırladıb.
“Keçən ilin fevral ayında ilk olaraq Hökumətlərarası Komissiyanın iclası keçirildi. Hökumətlərarası Komissiya tərəfindən qarşımıza qoyulan məsələlərin əksər hissəsini həll etmişik. Təbii olaraq, vaxt baxımından bütün məsələlər həll edilməyib. Amma biz güclərimizi toplayaraq qalan məsələləri yəqin ki, yaxın zamanlarda həll edəcəyik. Bir neçə gün sonra biz Zəfər Gününü qeyd edəcəyik. 29 oktyabr tarixində isə Türkiyə Cümhuriyyətinin milli bayramı kimi qeyd olunub. Fürsətdən istifadə edib bir daha bütün türk xalqını bu milli bayram münasibətilə təbrik etmək istərdim”, - Baş nazir deyib.
Əli Əsədov Türkiyənin 44 günlük müharibə dövründə ilk dəqiqələrdən Azərbaycan xalqının yanında durduğunu xüsusilə vurğulayıb: “Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, cənab Fuad Oktay, Türkiyə rəhbərliyi və bütün türk xalqı Azərbaycan xalqının yanında durdu. Azərbaycan xalqı o günləri heç vaxt yadından çıxarmayacaq”.