Infoteka.az
Siyasət

Şanlı Zəfər Qarabağ münaqişəsini tarixə qovuşdurdu.

       Azərbaycan ərazisinin zənginliyinə, gözəlliyinə və əlverişlili mövqeyinə görə tarix boyu hücümlara məruz qalmışdır. Buna baxmayaraq, Azərbaycan xalqı bu ərazilərdə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, dövlətçilik ənənələri yaratmışdır.

       Müxtəlif dövrlərdə işğal nəticəsində parçalan Azərbaycan ərazilərinə bu gün də təcavüzkar qonşularımız göz dikməkdədir. Çar Rusiyası döründə tarixi Azərbaycan ərazilərinə mərhələli şəkildə köçürülən ermənilər xalqımıza qarşı düşmənçilik etməyə başlamış, toponimlərimizi dəyişərək, azərbaycanlıları sıxışdıraraq torpaqlarımızı ələ keçirmək siyasəti yürütmüşdür. Müxtəlif zamanlarda kütləvi qırğınlar, soyqırımlar edən ermənilər müasir dövrümüzdə də öz məkirli əməllərindən əl çəkməyiblər.

       “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən mənfur qonşularımız 1988-ci ildən başlayaraq Qarabağda da öz çirikin siyasətini həyata keçirməyə başlamışdı. 90-cı illərdə Azərbaycanda olan qeyri – sabitlikdən, dövlət idarəçiliyində olan səriştəsizliklərdən istifadə edən ermənilər on minlərlə günahsız insanın ölümünə, yüz minlərlə vətəndaşımızın öz evlərindən didərgin düşməsinə, şəhər və kəndlərimizin dağılmasına səbəb olmuşdur. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayaraq mədəni irsimizi dağıtmış, təbii sərvətlərini talamış, dəyəri milyard dollarla ölçülən maddi və mənəvi ziyan vurmuşdur.

       1993-cu ilin iyun ayında xalqın təkidi ilə dövlət rəhbərliyinə gələn ulu öndər Heydər Əliyev Azərbaycanın tam işğalının qarşısını aldı. Yeni əldə etdiyi müstəqlliyini  itirmək təhlükəsi altında olan Azərbaycan yeni dövrə qədəm qoydu. 1994-cü ilin may ayında imzalanan Bişkek Protokolundan sonra cəbhədə atəşkəs dövrü başladı. Sülh yolu ilə işğal olunmuş torpaqlarımızı qaytarmaq, ərazi bütövlüyümüzü bərpa etmək istəsək də təcavüzkar Ermənistan rəhbərliyi bəhanələrlə danışıqlardan yayınırdı.

       Təbii ki, düşmən tərəfi tez-tez atəşkəsi pozduğu üçün böyük siyasətçi Heydər Əliyev müharibənin qaçılmaz olduğunu bilirdi. Bu səbəb müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunu yaratdı. Ümumilli liderin başladığı ordu quruculuğu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirildi. Dövlət büdcəsindən hərbi məqsədlər üçün ayrılan xərclər artırıldı. Ordumuz yeni və müasir silahlarla təmin olundu. Azərbaycan Ordusu üçün yeni mütəxəssislərin yetişdirilməsi məqsədi ilə əsgər və zabitlərmiz xaricdə təhsil alamağa göndərildi.

       Müharibədə qələbə qazanmaq üçün ordunun inkişafı yetərli deyildi. Mütləq ki, diplomatik əlaqələr inkişaf etdirilməli, bütün sahələrdə qələbəni təmin etmək lazım idi. Ulu öndər  Heydər Əliyevin başladığı düşünülmüş xarici siyasəti, cənab İlham Əliyev uğurla davam etdirdi.  Bu gün Azərbaycan artıq öz maraqları naminə şərtlərini diqtə edən, böyük layihələrə ev sahibliyi edən, böyük dövlətlər arasında nüfuza malik bir ölkəyə çevrilib.

       Münaqişə dövründə Azərbaycan siyasi və hərbi gücünü yalnız özünümüdafiə məqsədləri üçün istifadə edirdi. Lakin Ermənistanın təxribatçı addımları, bəyanatları, sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə qarşı yeni təhdidləri müharibəni artıq qaçılmaz etmişdi.

       Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları zamanı Azərbaycan Ordusu 30 il ərzində Ali Baş Komandandan gözlədiyi “İRƏLİ” əmrini aldı və qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başladı.

       Uğurlu əks-hücumun nəticəsi olaraq 44 gün ərzində Azərbaycan Ordusu hər gün bir az daha irəli gedərək yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad etdi. Azərbaycan xalqı dəmir yumruq olaraq öz birliyini və gücünü nümayiş etdirdi. Hər bir Azərbaycan əsgərinin, zabitinin bir amalı var idi. İşğala son qoymaq!

       Məğrur Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən rəsmi İrəvan nəhayət ki,  noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzaladı. Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan öz Şanlı Zəfərini qazandı. İyirmi səkkiz ildən çox erməni əsirliyində qalan Şuşanın azad edildiyi gün – 8 noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü.

        Azərbaycanın 44 günlük apardığı müharibənin döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Bu çox qürurvericidir!

        Ölkəmiz artıq yeni dünya reallığı yaradıb. Dünyada və regionda nüfuzu durmadan artır. Biz bunu Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun və Şəhidlərimizin canı–qanı bahasına əldə etmişik.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işləri tam gücü ilə davam edir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində böyük layihələr həyata keçirilir. Biz erməni vandalizminə məruz qalmış Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi yenidən bərpa edirik. Artıq “Böyük qayıdış”a da start verilib. Tezliklə bütün soydaşlarımız öz el-obalarına qayıdacaqdır.

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik!

Qazilərimizə təcili şəfalar və cansağlığı diləyirik!

Yaşasın Azərbaycan xalqı!

           

Eldar Mirzəliyev

Suraxanı rayonu  Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri

Infoteka.az