“İran regiondakı qonşularına qarşı çox yanlış davranır. Rəsmi Tehran bir çox regional məsələlərdə qonşularının hüquqlarını pozur və israrla qırmızı xətti keçməyə çalışır. Hazırda Bakı ilə Tehran arasında yaşananlar İrana heç də başucalığı gətirmir”.
İnfoteka.az xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun fikrincə, rəsmi Tehran belə siyasət yürütməklə səhvə yol verir.
“Əlaqələrimiz onları inkişaf etdirmək üçün kifayət qədər idi, lakin İran burada ikiqütblü laqeydlik nümayiş etdirməyə başladı: bir əli ilə yaratdı, digəri ilə isə bizi uzun illərdir bir-birimizə bağlayan şeyləri məhv etdi”, - T.Abbasov qeyd edib.
Onun fikrincə, bu siyasət çox təhlükəli və yersizdir. Bu, ilk növbədə regionda çox xoşagəlməz mühitə malik İranın özünə təhdiddir.
“Qonşularını günahlandırmazdan əvvəl İran kənardan özünə baxmalı və nədə səhv olduğunu anlamalıdır”, - deyən ekspert əlavə edib ki, qonşulara qarşı daimi qarşıdurma siyasətinə yenidən baxılmalıdır.
Politoloq vurğulayıb ki, İran yeni həll yollarına və islahatlara getməlidir.
“Onlar buna getməsələr, özləri uduzacaqlar və bu, rəsmi Tehran üçün çox acınacaqlı nəticə olacaq”, - T.Abbasov fikrini yekunlaşdırıb.