Infoteka.az
Siyasət

8 Noyabr – Zəfər Günüdür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başladı.

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Azərbaycan ordusu bu döyüşlərdə hərb tarixinə bir yenilik kimi düşən strategiyanın tətbiqi və müasir silahlardan istifadəyə xüsusi önəm verirdi. İşğal altında olan torpaqlarımızı azad etməklə yanaşı düşmənin hərbi texnikasına, canlı qüvvəsinə ciddi zərbə vurdu. Müasir texnoloji silahlardan istifadə güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl fədakarlıq nümayiş etdirən Azərbaycan oğulları əsgər və zabitləri idi.

Hər kəs Vətən fədaisi oldu o günlərdə. Xalqımız bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan ordusunun hər bir fərdi Vətən uğrunda düşmənə öldürücü zərbə vurmağa və şəhid olmağa hazırdır. 44 gün davam edən əks-hücum əməliyyatlarında noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, 3 qəsəbə və 52 kəndi, Xocavənd rayonun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtərin 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalının 9 kəndi və bir neçə strateji yüksəkliklər.

Böyük qələbə xəbəri 8 noyabrda Şuşa şəhərinin azad edildiyi ilk saatlarda eşidildi. Düşmənin kapitulyasiya etməkdən başqa yolu qalmadı. Bu döyüşlərdə Azərbaycan xalqının əzmini, döyüş qabiliyyətini birliyini bütün dünya gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi və onun ətrafında sıx birləşdiyini göstərdi.

Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı da Azərbaycan hərb tarixinə şərəflə yazılacaq bir səhifə olacaqdır. Qələbəmizin əsas səbəblərindən biri də hədəfi dəqiqliklə vuran, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun təmin edilməsi idi. Statistikaya əsasən ölkəmiz müasir silahlanmaya görə Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub.

Bəli, Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdırdı. Böyük qələbəyə aparan yolda dost və qardaş ölkələrin dəstəyini xüsusi qeyd etmək vacibdir. Bu yönümdə aparılan uğurlu diplomatik münasibətlər “İki dövlət bir millət “ ifadəsinin əzəmət və qüdrəti, Azərbaycan hHəqiqətlərini dünyaya real çatdırılmasında əməyi olan hər kəsə, KİV-nə minnətdar olmalıyıq. Xüsusi ilə qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti yalnız bir sərkərdə kimi müharibəyə rəhbərlik etmədi, o, həm də mahir diplomat olaraq dünyanın nüfuzlu dövlətləri qarşısında ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı.

Yaşasın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Müstəqil Azərbaycan dövləti! Qarabağ Azərbaycandır!   

   

Zəkiyə Hacıyeva

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi

Infoteka.az