İki il əvvəl 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfərli qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatıb.
Infoteka.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Telegram kanalında "Azərbaycanda noyabrın 8-i Vətən Müharibəsində Qələbə Günü kimi qeyd olunur" başlıqlı yazısında bildirib. Rusiyalı ekspert Azərbaycanın qələbəsini hansı səbəblərin mümkün etdiyini izah edib:
"Azərbaycanın və onun Silahlı Qüvvələrinin başında Prezident və Ali Baş Komandan İlham Əliyev dayanmışdı. Qarşısına strateji məqsəd qoyan və analitik düşüncə tərzinə malik güclü, effektiv, iradəli lider. Əla və hərtərəfli təhsilli. Parlaq diplomat və hərbi əməliyyatlar zamanı məlum olduğu kimi, hərbi strateq və sərkərdə.
Azərbaycanın siyasi sistemi, dövlət idarəçiliyi modeli həm sülh, həm də müharibə dövründə hakimiyyətin və xalqın səylərini qələbəyə yönəltmək vəzifələrinə ən yaxşı şəkildə cavab verirdi.
Neft və qaz gəlirlərinin rasional idarə edilməsinə və həm ölkənin inkişafı, həm də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün lazımi maliyyə vəsaitlərinin ayrılmasına imkan verən səmərəli iqtisadiyyat.
Ən yaxşı silahlarla təchiz edilmiş müasir yüksək texnologiyalı döyüşə hazır ordu, yüksək motivasiyalı hərbi heyət və peşəkar zabit korpusu. Avadanlıq, rabitə və döyüş idarəetmə sistemi, operativ planlaşdırma ən yüksək qiymətə layiqdir.
Müharibənin ədalətli, azadedici təbiəti. Xalqın və ordunun yüksək əhval-ruhiyyəsi. Azərbaycan əsgər və zabitlərinin kütləvi qəhrəmanlığı", Korotçenko qeyd edib.