9 Noyabr-Azərbaycan Respublkasında Dövlət Bayrağı Günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u - Dövlət Bayrağı günü seçilməsi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.
Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda Xalq Cümhuriyyəti Nazirlər Şurasının binasında dalğalanıb. Bayrağımızın rəngləri - mavi, qırmızı, yaşıl milli istiqlal ideologiyamızın üç təməl prinsipini türkçülük, müasirlik və islamçılığı özündə təcəssüm etdirir.
1920-ci ilin aprelində dövlət statusu ləğv edilmiş üçrəngli bayrağımız Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasında dalğalandı. Tarix boyu əsarətlərə məruz qalmış xalqın taleyini yaşayan bayraq yenidən azadlığın carçısı olaraq vətənin səmalarında azadlığını elan edərək dalğalandı.
1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı ilə Azərbaycanın dövlət rəmzləri, o cümlədən Dövlət bayrağı bərpa edilmiş, hüquqi statusu təsdiq edilmişdir. Hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməli, əks halda qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla məsuliyyətə cəlb olunur. Dövlət bayrağından düzgün istifadəsinə dair tələblər və məhdudiyyətlər 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” qanunla təsdiq olunmuşdur. Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında birləşməsinin başlıca amillərindən biridir.
Ulu öndər Heydər Əliyev uzaqgörənliyi ilə daim xalqımıza bayrağı özümüz qədər sevməyi, eyni zamanda işğal olunmuş torpaqlarımızın azad olunmasını istəyiriksə, bu bayraq altında birləşməyi tövsiyə etmişdir. Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu prinsipi əsas tutaraq xalqımızın qürur mənbəyi, azadlıq məfkurəsi hesab etdiyi bayraq ətrafında “Dəmir yumruq” kimi birləşərək 44 günlük müharibədə qələbə çaldı və dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərin önündə səcdəyə duran bayrağımız azad Qarabağın əngin səmalarında qürurla dalğalandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan Respublikasının yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.”
Kəmalə Abdullayeva
Bakı şəhəri 317 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi