Infoteka.az
İdman

“Gent”in baş məşqçisi: “Qarabağ” çətin və güclü rəqibdir”

“Qarabağ” çətin, eyni zamanda güclü rəqibdir”.

İnfoteka.az xəbər verir ki, bunu Belçikanın “Gent” klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri oyunlar barədə yerli mətbuata açıqlamasında deyib.

Püşkün nəticəsini dəyərləndirən 58 yaşlı mütəxəssis bildirib ki, İtaliya “Latsio”su istisna olmaqla, digər yeddi mümkün rəqibin hamısı eyni səviyyəli komandalardır: “Rəqibin kimliyi heç vaxt mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bu mərhələdə zəif komanda yoxdur”.

Belçikalı baş məşqçi “köhlən atlar” 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladıb: “Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Təkcə bu amillər rəqibin gücündən xəbər verir”.

Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib: “Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik”.

Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Infoteka.az