Son aylar ərzində müxtəlif insayderlər Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazı barəsində müxtəlif məlumatlar verirlər. Məşhur analitik Ming-Chi Kuo hətta qeyd etmişdi ki, Apple şirkətinin qarışıq reallıq cihazı artıq gələn il satışa çıxacaq. İndi isə internetdə sözügedən cihazın nə zaman satışa çıxacağı barəsində yeni məlumat ortaya çıxıb. Verilmiş məlumata əsasən Apple bu cihazın hazırlanma prosesinin son mərhələsindədir. Əgər hər şey plan üzrə getsə şirkət qarışıq reallıq cihazının istehsalına 2023-cü ilin mart ayında start verməyi planlaşdırır.
Məlumatda qeyd edilib ki, cihazın istehsalı ilə eksklüziv olaraq Pegatron şirkəti məşğul olacaq. Beləliklə qarışıq reallıq cihazının gələn ilin yaz fəslində satışa çıxacağı gözlənilir. Son məlumat sızıntılarına əsasən Apple öz qarışıq reallıq cihazını Reality One adlandıracaq. Sözügedən cihazın Sony micro-OLED ekranlarınıç, Apple şirkətinin fərdi M prosessorunu, müxtəlif növ sensorları, çoxlu sayda kameranı və Apple servislərinin dəstəyini əldə edəcəyi gözlənilir. Əvvəlki məlumatlarda qeyd edilmişdi ki, qarışıq reallıq cihazı heç də ucuz qiymətə satılmayacaq. Onun 2000-3000$ qiymətinə satılacağı güman edilir.