Hər iki tərəfin verdiyi bəyanatlara nəzər salanda görürük ki, sülh müqaviləsinin hazırlanması mövzusunda fikir mübadiləsi davam edir. Müzakirə aparılarkən həmçinin Soçidə keçirilmiş sammitin də nəticələri nəzərə alınıb.
İnfoteka.az xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Mən deməzdim ki, tərəflər razılaşmalar zamanı əldə olunan müddəalardan imtina edib. Xatırladım ki, 31 oktyabr tarixli birgə bəyanatda liderlər regionda davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanmasının vacibliyini vurğulayıblar. Əldə olunmuş nəticələr əsasında qarşılıqlı şəkildə qəbul edilməsi mümkün olan yekun qərarın verilməsi üçün həll yollarının axtarışının davam etdirilməsi təklif olunub. Biz öz tərəfimizdən bu prosesə lazım olan hər bir dəstəyi göstərməyə davam edəcəyik. Rusiyanın Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində roluna gəlincə isə, Soçidə ölkə başçıları bütün üçtərəfli razılaşmaların şərtlərinə sadiq qaldıqlarını təsdiq etdilər. Bu, Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərin kompleks şəkildə normallaşdırılması üçün həyata keçirilən birgə işlərin əsasını təşkil edir", - Zaxarova "Bu yaxınlarda Vaşinqtonda keçirilmiş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunu barədə nə deyə bilərsiniz? Noyabrda iki ölkə liderinin Brüsseldə keçirilməsi planlaşdırılan görüşünü nəzərə alsaq, demək olarmı ki tərəflər Rusiya əvəzinə Qərbin iradəsi altında münasibətlərin normallaşdırılmasını seçiblər?" suallarına cavab olaraq qeyd edib.