DİN bir qrup şəxsin noyabrın 11-də aksiya keçirməklə bağlı müraciətinə münasibət bildirib.
İnfoteka.az xəbər verir ki, DİN Mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov APA-ya açıqlamasında deyib ki, bir qrup şəxs noyabrın 11-də aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciətinə edib və qurum aksiyanı məqsədəmüvafiq hesab etməyib, lakin təşkilatçılar aksiyanı keçirməkdə israr edirlər: “Əgər məqsədəmüvafiq hesab olunmursa, deməli aksiyanın keçirilməsinə razılıq verilməyib. Ona görə də şəhər İcra Hakimiyyəti ilə razılışdırılmamış aksiyaya cəhd olarsa qarşısı alınacaq”.
DİN əməkdaşı qeyd edib ki, bir neçə il əvvəl belə aksiyanın keçirilməsinə icazə verilib, lakin aksiyanın təşkilatçıları öz üzərilərinə düşən şərtlərə əməl etmədilər: “Onlar qəsdən ictimai asayişin pozulmasına, insanların, nəqliyyatın hərəkətinə mane olmağa cəhd etdilər və qarşısı da alındı. Bunu nəzərə alaraq bu dəfə həmin ərazidə aksiya keçirilməsinə razılıq verilmədi”.
Z. Hüseyov onu da bildirib ki, hətta qanunsuz aksiya zamanı iştirakçılar polisin tələbinə tabe olursa, ona qarşı hər hansı bir müqavimətə cəhd göstərmirsə belə olan halda polis inzibati cəza tətbiq etmir, yalnız iştirakçılar ərazidən kənarlaşdırılırlar: “Əgər aksiya zamanı iştirakçılardan hansısa polisin tələbinə tabe olmayıb ona qarşı müqavimətə cəhd göstərərsə belə şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Yeri gəlmişkən, əgər noyabrın 11-də həmin şəxslər razılaşdırılmamış aksiyanın keçirilməsinə cəhd edərlərsə, qarşısı alınacaq və bu zaman baş verə biləcək hər hansı qanunazidd əməlin məsuliyyəti də təşkilatçıların üzərinə düşəcək”.