Infoteka.az
Siyasət

10 noyabr tarixli Üçtərəfli Bəyanat insanlarımızın 30 illik həsrətinə son qoydu

10 noyabr tarixli Üçtərəfli Bəyanatın ikinci ildönümüdür. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi və üçrəngli bayragımız Qarabağda dalğalanmağa başladı.
10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanması xalqımızın birliyinin bariz nümunəsidir. Bu qələbədə millətindən, dinindən, kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının öz payı var, desək yanılmarıq. Çünki, həmin vaxtlarda hər kəs bu müharibənini qələbə ilə başa çatması üçün əlindən gələni edirdi. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, televiziya önündə, radio qarşısında, sosial şəbəkələrdən xəbərləri izləyib və uğurlarımıza seviniblər. Bizim ən böyük sərvətimiz və dəyərimiz həmrəyliyimizdir.
Bu sənədin əsas əhəmiyyəti qanlı döyüşlərin saxlanılması və bir neçə rayonun Azərbaycana itkisiz qaytarılması olmuşdur. Bəyanat imzalanmasaydı, Ağdam, Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün daha çox hərbçi həyatını itirə bilərdi. Eyni zamanda üçtərəfli bəyanat Azərbaycana öz qələbəsini qanuniləşdirmək imkanı verdi.
Ali Baş Komandan demişdi: - “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda da həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.
Bəli, möhtərəm Prezidentimizin dediyi kimi, ordumuzun yüksək peşəkarlığı nəticəsində inanılmaz bir qələbəyə imza atdıq. Bu qələbədə düşmən ordusunun itkiləri ilə müqayisədə az itki verdik. Şəhidlərimizin canı, qazilərimizin və əsgərlərimizin əziyyəti bahasına dünyanı heyrətə gətirəcək möhtəşəm qələbə çaldıq. XXI əsrin ən müasir müharibəsini aparan Şanlı Azərbaycan Ordusunun döyüş üsulu bu gün də dünya hərbiçiləri tərəfindən araşdırılır.
Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunub.
Bu gün 44 gündə qazandığımız qələbəni həzm etməyən Ermənistan çalışır ki, Azərbaycanla birbaşa təmaslardan qaçsın. Qərb ölkələrini, xüsusən də Fransa və ABŞ-ı bura cəlb etmək istəyir. Çünki, adıçəkilən ölkələr Ermənistanın maraqlarına uyğun mövqe tuturlar. Minsk Qrupunu gündəmə gətirmək istəyən Ermənistan vaxt qazanmaq, yenidən toparlanmaq üçün öhdəlikləri yerinə yetirmir. Hər vasitə ilə Üçtərəfli Bəyanatın tələblərindən qaçmağa çalışır.
44 günlük müharibə müddətində qardaş Türkiyə açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı.
Bəli, bu gün Azərbaycan Ermənistanın tanıdığı 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan bu gün regionun ən güclü ordularından biridir. Azərbaycan həm siyasi, həm də hərbi arenada Ermənistandan qat-qat irəlidədir. 
Zəngəzur dəhlizinin açılmasını istəməyən Ermənistan anlamalıdır ki, onun da gələcəkdə inkişaf etməsi üçün bu dəhlizin əhəmiyyəti böyükdür. Əks təqdirdə onun bir dövlət kimi gələcəkdə mövcud olmasına şübhə var.

Sədai Vəlibəyli 
Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi 

Infoteka.az