Infoteka.az
İqtisadiyyat

Azərbaycanın hava limanları bu il 4,4 mln. sərnişinə xidmət göstərib

Bu ilin oktyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 507 min sərnişinə xidmət göstərib. Ümumilikdə, cari ilin 10 ayı ərzində bu göstərici 4,4 milyon nəfəri ötüb.

İnfoteka.az “APA-Economics”-ə istinadən xəbər verir ki, oktyabr ayında xidmət edilən sərnişinlərdən Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 429 min sərnişin düşür ki, bunun da 370 min nəfərini beynəlxalq reyslərin sərnişinləri təşkil edir.

AZAL və “Buta Airways” aviaşirkətləri oktyabr ayı ərzində 105 min sərnişinə və beynəlxalq reyslər üzrə 58 min sərnişinə xidmət göstəriblər. Bu, beynəlxalq daşımaların ümumi sayının 38%-ni təşkil edir.

2022-ci ilin oktyabr ayında 27 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər yerinə yetirib. AZAL və “Buta Airways” aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin “Aeroflot”, “Turkish Airlines”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb.

Oktyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Daşkənd, Ciddə, Təl-Əviv və Şarja şəhərləri daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 252 min sərnişinə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

Infoteka.az