Son günlər sosial şəbəkələrdə “Qarabağ”la Təbrizin “Traktor” klubunun yoldaşlıq oyunu keçirməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.
İnfoteka.az xəbər verir ki, Ağdam klubunun direktoru Emrah Çelikel məsələ ilə bağlı Qol.az-a açıqlama verib.
Klub rəsmisi qeyd edib ki, bu təşəbbüsə müsbət yanaşırlar və Cənubi Azərbaycan təmsilçisi ilə oyun onları sevindirər: “Əgər imkan olarsa, belə bir oyunun keçirilməsi hamımızı şad edər, sevinərik. Ancaq hər iki klubun təqviminə baxmaq lazımdır. Bilirsiniz ki, hazırda komandamız UEFA Konfrans Liqası və Premyer Liqada mübarizə aparır. Bir müddətdən sonra ölkə kubokunun oyunları da olacaq. Qrafikimiz olduqca sıxdır. Bununla belə, hər iki klubun uyğun vaxtı olsa, baş məşqçilər də razılıq versə, bu matç hamımızı çox sevindirər”.
E.Çelikel bildirib ki, Təbriz klubu ilə oyun mənəvi məsələ olduğu üçün baş məşqçi Qurban Qurbanov da buna etiraz etməz: “İnanmıram ki, onun fikri bizimkindən fərqli olsun. Təbii ki, onun üçün də birinci növbədə komandanın uğurlu çıxışıdır. Amma bu, mənəvi bir məsələdir. Ona görə də mənə elə gəlir ki, Qurban Qurbanov da hamımız kimi bu oyun məsələsi ilə razılaşar”.
2012-ci ildə “Traktor”la Türkiyədəki hazırlıq zamanı keçirilən yoldaşlıq oyununu xatırladan klub rəsmisi deyib ki, komandalar yenidən təlim-məşq toplanışında üz-üzə gələ bilər: “2012-ci ildə “Traktor”la Qızılcahamamda yoldaşlıq oyunumuz oldu. Elə bilirdik ki, doğma komandamızla oynayırıq. Hamısı bizi, biz onları tanıyırdıq. Eyni dildə danışırdıq. Biz qış Antalyada hazırlıqda olacağıq. O zaman “Traktor”un da təlim-məşq toplanışı Antalyada olsa, hansı ki, biz bununla maraqlanacağıq, onda yoldaşlıq oyunu keçirilə bilər. Ancaq hələ ki, bu oyunla bağlı hər hansı bir razılaşma olmayıb. Ona görə də dəqiq nəsə deməyim düzgün olmaz”.