COVID-19 pandemiyası dövründə bütün dünyada mütəxəssislər tərəfindən insanlara internet vasitəsilə göstərilən xidmətlərin həcmi kəskin şəkildə artıb. Bu baxımdan tibb sahəsi də istisna olmayıb. Təcrübə göstərib ki, həkimə distant rejimdə müraciət etmək, xüsusən ucqar rayonlardan və ya əhalinin aztəminatlı qruplarından olan pasiyentlər barədə söhbət gedəndə, bir sıra üstünlüklərə malikdir.
İnfoteka.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, COVID-19 pandemiyasından sonrakı dövrdə səhiyyə sahəsinin silahlı münaqişələrdən və xəstəliklərin yayılmasından başlamış iqlim dəyişmələrinə qədər mürəkkəb problemlərlə üzləşdiyi şəraitdə teletəbabətin imkanlarından davamlı istifadəni təmin etmək üçün ÜST-də yeni təlimat hazırlanıb. Bu sənəd teletəbabət siyasətinin müəyyən edilməsinə, müvafiq metodların işlənib hazırlanmasına və tətbiqinə kömək edəcək.
Yeni sənəd ÜST-nin rəqəmsal texnologiyaların təbabətdə tətbiqinə dair təlimatı tamamlayacaq. Burada tibbi xidmətlərin maksimum sayda insanlar üçün əlçatanlığını təmin etmək məqsədilə teletəbabət proqramının planlaşdırılması, reallaşdırılması, dəstəklənməsi və onun büdcəsinin tərtib edilməsi prosesində ölkələrin görə biləcəyi praktiki tədbirlər təsvir edilir.
ÜST-də qeyd edirlər ki, teletəbabətin inkişafı yolunda əsas maneə, xüsusən inkişaf etməkdə olan ölkələrin ucqar rayonlarında internetə qoşulmaq imkanlarının aşağı səviyyədə olmasıdır. Bundan əlavə, bəzi pasiyentlər teletəbabətə mənfi münasibət bəsləyir, səhiyyə işçiləri ilə şəxsən ünsiyyətdə olmağı üstün tuturlar. Lakin ÜST-də əmindirlər ki, ənənəvi metodlarla bərabər teletəbabətin üstünlükləri mübahisə doğurmur. Təşkilat dünya ölkələrinin hökumətlərini digər rəqəmsal xidmətlərlə yanaşı tibbi heyəti müasir rabitə vasitələrinin köməyi ilə pasiyentlərlə ünsiyyət qaydalarını öyrətməyə, əhalini yeni imkanlar barədə maarifləndirməyə çağırır.