Infoteka.az
Siyasət

Azərbaycanın qalibiyyət simvolu “dəmir yumruq”dur!

“Biz Şuşaya mütləq qayıdacağıq”! Bu cümlə, dahi Ulu Öndər Heydər Əliyev Cənablarının Azərbaycana aid olan, işğaldan azad olunmuş torpaqlar üçün düşündüyü arzularından biri idi. Əslində, Şuşaya gedən yol və ona olan həsrətimiz otuz il çəksə də, nəhayət ki, Ulu Öndərin, Qarabağ üçün arzuladığı arzuları həyata keçdi. 
Tarixi zərurətdən, Şuşaya gedən yol, Zəfər Yolu adlanır. Çünki 44 günlük müharibə dövründə, əslində, olmayan bu yol ilə, çox çətinliklə, sıldırım qayalara dırmanaraq, müzəffər  ordumuzun gücü və Ali Baş Komandanımız cənab İlham Əliyevin güclü siyasəti, uzaqgörənliyi nəticəsində Şuşa, məhz hal-hazırda çəkilən yol ilə, yalnız irəli gedilərək işğaldan azad olundu. 
Bu qələbəni əldə etməkdən ötrü, çox şükürlər olsun ki, artıq güclü ordumuz və bu ordunu gücləndirə biləcək güclü iqtisadiyyatımız var idi. Elə ona görə də, otuz il bundan öncə, məğlub olduğumuz düşmənə artıq qalib gəlmişdik. Bundan ötrü və bu qalibiyyəti əldə etmək üçün, güclü dövlətimiz və ordumuz olmalı idi. Bu nailiyyətlərə görə, bu gün bizlər, Azərbaycanın qurucusu olan, dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevə və onun siyasi varisi, Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yenilməz Sərkərdə cənab İlham Əliyevə borcluyuq! 
Şuşaya qədər, 44 günlük 2-ci Qarabağ Müharibəsində, Fizuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Suqovuşan, Laçının və Kəlbəcərin bir hissəsi, 300-ə yaxın kənd, döyüş meydanında azad olmağına baxmayaraq, Şuşanın azad olunması, ermənilərə ağır zərbə oldu. Çünki Şuşa, tarixən alınmaz bir qala olub. Məhz onların gözləmədiyi bir tərəfdən, bizim ordunun hücuma keçməsi, bu günki gün Şuşanın qalibiyyətidir. 
Deyilənlərə görə tarixən ermənilər övladları dünyaya gələndə, qulaqlarına, “türk sənin düşmənindir”, deyə fısıldayarlar. Lakin bu otuz il ərzində, onlar, bir tarixi faktı unutmuşdular. Həmin o dövrdə, işğal etdikləri torpaqlardan, qaçqın və məcburi köçkün gələn insanlar və onların hər birinin övladlarına-Azərbaycan balalarına nifrəti və qisası təlqin etmək lazım deyildi! Onların hər biri, o acılı günlərin şahidləridirlər! Şahidlərdə isə nifrət və qisas hissi daha güclü olur! 
Bəlkə də, elə buna görə idi ki, bu otuz il ərzində əldə etdikləri torpaqlarda, heç bir abadlıq-quruculuq işləri görə bilmirdilər. Həmin o körpələrin, bir gün böyüyüb, düşməndən haqq-hesab çəkmək xofu onları rahat buraxmırmış. Bu, həmin o gün idi, 27 sentyabr! Bu günlərdən biri də, 8 noyabr idi! Alınmaz qala olan Şuşanın azad olunması! 
Bu 44 günlük müharibədə, erməni ordusunda on mindən çox fərari olmuşdur. Lakin Azərbaycan ordusu isə, daima “İlhamla irəli!” getmişdir. 
İşğaldan azad olunmuş torpaqlarda, ermənilərin vandallığı göz qabağındadır. Buna artıq bütün dünya şahidlik edir, istər müsəlman dövlətləri, istərsə də xarici dövlətlər! 
Biz Azərbaycan xalqı və dövləti olaraq, hər zaman humanist olmuşuq. Belə ki, Bakının mərkəzində yerləşən, erməni kilsəsini dağıtmamışıq. Lakin, bütün dünyaya sübut oldu ki, bizim işğal altında olan torpaqlarımızda, məscidlər, qəbristanlıqlar, ermənilər tərəfindən dağıdılmış, dağılmayan məscidlərdə isə, islam dinində, murdar və haram sayılan bəzi heyvanlar saxlanılmışdır. 
Artıq Qarabağın xoş günləri yaxındadır... Bu gün geniş vüsətlə işğaldan azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq işləri gedir. Azərbaycan hər zaman, ədalətli sülhü dəstəkləyib. Biz heç birimiz müharibə istəmirik. Lakin biz bir dövlət olaraq, Azərbaycana qarşı, xüsusən də, işğaldan azad olunmuş torpaqlara qarşı, hər hansısa bir təxribat olarsa, bunu susdurmaq əzmindəyik. Qürurverici haldır ki, bu il, “Fərrux”, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhəddindəki hadisələr, buna misal ola bilər.  
Bir Azərbaycanlı olaraq, bu gün dövlətimlə, Prezidentimlə və güclü ordumuz ilə, fəxr edirəm! İllər öncə, mərhum Ulu Öndərin, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam! ” deməsi, bu gün qalibiyyət əldə edən, hər bir Azərbaycanlının açar sözü olmalıdır! Bu 44 günlük müharibədə, Azərbaycan dövləti və xalqı öz birliyini bir dəmir yumruqda birləşdirdi.  İMZAmız imzalar içində öz möhtəşəmliyini bir daha sübut etdi. Azərbaycanın qalibiyyət simvolu “dəmir yumruq” oldu. 

 

Cəmilə Ağayeva

Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri 

Infoteka.az