Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb.
İnfoteka.az xəbər verir ki, bəyanatda deyilir:
"15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransa Respublikasında beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir.
BMT-yə üzv olan bütün dövlətlərə, o cümlədən, Fransa dövlətinə münasibətdə məcburi xarakter daşıyan sənədlərdən biri də BMT-nin Nizamnaməsidir.
Beynəlxalq hüququn bir sıra əsas prinsiplərinin təsbit olunduğu BMT Nizamnəməsinin 2-ci maddəsini, 1975-ci il Helsinki Yekun Aktını və bu sənədlərdə təsbit olunmuş prinsipləri, xüsusilə, dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyünə və əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsiplərini bir daha Fransa Senatının üzvlərinə xatırladaraq qəbul edilən qətnamədə yer alan fikirlərin beynəlxalq hüququn sadalan prinsiplərinə zidd olduğunu, Fransanın növbəti dəfə sülh prosesinə mənfi təsir göstərən, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradan qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.