Infoteka.az
Siyasət

“Fransanın murdarlanmış məscidlərimizdən xəbəri var?!” - Jalə Əhmədova

“Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şiddətlə qınayıram. Çünki Senatın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə tamamilə qərəzli bir sənəddir. Reallıqdan çox-çox uzaq olan belə bir sənədin qəbul edilməsi Azərbaycan-Ermənistan münasibətlərinin stabilləşməsinə zərbə vurmaqla yanaşı, eyni zamanda Azərbaycan-Fransa münasibətlərinə də kölgə salır”.

İnfoteka.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova özünün “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, Fransa Senatı bilməlidir ki, Azərbaycan BMT-nin ona verdiyi hüququndan istifadə edib və 30 il Ermənistanın işğalı altında qalan dədə-baba torpaqlarını işğaldan azad edib.

“Azərbaycanı ermənilərə məxsus abidələrə qarşı qeyri-adekvat davranışlarda ittiham edən Fransa Senatı ermənilərin məscidlərimizdə heyvan saxlaması faktını niyə görməzlikdən gəlir? Senatın üzvləri milli-mədəni, tarixi abidələrimizə qarşı ermənilərin törətdikləri vandal hərəkətlərdən, güllələnmiş heykəllərdən, dağıdılmış qəbirlərdən, murdarlanmış məscidlərdən xəbərsizdirlərmi?!”, - deyə o əlavə edib.

Millət vəkili bildirib ki, Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edən və bununla yanaşı, 30 il ərzində Ermənistanın işğalçı siyasətinə göz yuman Fransa Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquqla tanındığını bilməlidir.

Bildirək ki, noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul olunub. 

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, həmin qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir, açıq təxribat xarakteri daşıyır.

Infoteka.az