“Qəfil başağrısı, görmə pozuntusu insult əlaməti ola bilər”.
İnfoteka.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Pərvin Allahyarova qurumun rəsmi “Instagram” səhifəsində canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, bəzən bu ağrılara ciddi yanaşılmır:
“Kəskin insult zamanı bu simptomlar yaranır və tez-tez təkrarlanır. Başağrısı, ürəkbulanma, bir və ya hər iki gözdə görmə itiliyinin pozulması, görmənin bulanması kəskin insultun daha çox rast gəlinən simptomları kimi qiymətləndirilir. Odur ki, bu cür durum yaşayan şəxslər diqqətli olsunlar, bu vəziyyət tez-tez təkrarlanarsa, mütləq həkimə müraciət etmələri və müayinədən keçmələri tövsiyə edilir”.
Həkim qeyd edib ki, insultun modifikasiya oluna bilən və bilməyən risk amilləri mövcuddur:
“İnsultun bir çox risk amilləri müalicə olunduğu üçün insult təhlükəsini azaltmaq olur. Bu xəstəliyin modifikasiya oluna bilən və modifikasiya oluna bilməyən risk amilləri mövcuddur. Yaş məsələsi modifikasiya edilə bilməyən amildir və bu, ciddi faktordur. Tibdən asılı olmayan amillərdən biri də irq və genetikadır. Elə ailələr var ki, onların fərdləri cavan yaşda miokard infarktı və insult keçirə bilərlər. Digər amillər isə vəziyyətə uyğun olaraq müalicəyə cavab verə bilir”.