Infoteka.az
Siyasət

Dövlətimizin uğurları gündən-günə artır.

  Son zamanlar  Azərbaycan Respublikası Prezidentinin  xarici dövlətlərə rəsmi səfərlərinin sayı artmışdır. Bu da dövlətlərarası siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etməsinə təsir göstərir. Hər bir rəsmi səfər zamanı cənab İlham Əliyevin ölkə prezidentləri ilə təkbətək danışıqları, mətbuat konfransındakı çıxışları həmin dövlət  nümayəndələrində ölkəmiz haqqında aydın təəssürat yaradır.

   Yaxın günlərdə-noyabrın 15-də Prezidentimizin Albaniyaya ilk rəsmi səfəri baş tutmuşdur. O, Albaniyanın paytaxtı Tirana şəhərində ölkənin Prezidenti ilə görüşmüş, görüşdən sonra mətbuat konfransında çıxış etmişdir. Cənab Prezident bildirmişdir ki, özü ilk dəfə Albaniyaya səfər etsə də, Albaniyanın keçmiş prezidentinin və baş nazirin Azərbaycana səfərləri olmuşdur. Və bu səfərlər ölkələr arasında əlaqələrin dinamikliyinə təsir göstərmişdir.

  İlham Əliyev onu da qeyd etmişdir ki,  Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi  çox yüksək qiymətləndiririk. Bu dəstək hər zaman qarşılıqlı olmuşdur. Prezident jurnalistlərin nəzərinə bir daha çatdırdı ki, Ermənistan tərəfindən Qarabağda  törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Ancaq hal-hazırda doğma torpaqlarımızda yenə də Azərbaycan bayrağı dalğalanır, həyat yenidən bu torpaqlara qayıdır.

Dövlətimizin uğurları gündən-günə artır. Bu uğurlara  müxtəlif ölkələr arasında bağlanan siyasi-iqtisadi əlaqələr də təsir göstərir. Azərbaycan və Albaniya dövlətləri arasında da bir sıra əməkdaşlıq əlaqələri qurulur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Prezident İlham Əliyev öz bəyanatında  vurğuladı ki,  əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiya sahələri və s. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləri olduğuna görə Cənub Qaz Dəhlizinin icrasında hər iki ölkənin  çox önəmli rolu olmuşdur. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan Albaniyada qaz şəbəkəsinin yaradılmasında  investor kimi iştirak edə bilər.

Çıxışının sonunda cənab İlham Əliyev Albaniya Prezidenti Bayram Beqaya qonaqpərvərliyə görə öz təşəkkürünü bildirdi və onu Azərbaycana rəsmi səfərə dəvət etdi.

Biz də inanırıq ki, ölkələrarası əməkdaşlıq əlaqələri gələcəkdə daha da inkişaf edəcək, iki xalq arasında siyasi-iqtidasi, dostluq əlaqələri daha da möhkəmlənəcək.

 

Gülşən Fazilova

Suraxanı rayonu N.Rəfiyev adına 104 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Infoteka.az