Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyası fraksiyasının lideri vəzifəsini tərk edir. O, bu barədə cümə axşamı qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib.
“Yanvarda isə başlayacaq yeni Konqresdə Demokratlar Partiyasının lideri kimi yenidən seçilmək istəməyəcəyəm. Fraksiyamıza böyük inamla yanaşıram. Demokratik qrupa yeni nəslin rəhbərlik etməsinin vaxtı çatıb. Mən minnətdaram ki, çoxları bu böyük məsuliyyəti öz üzərinə götürməyə hazırdır”, - deyə Pelosi bəyan edib.
Qeyd edək ki, siyasətçi təqaüdə çıxmayacaq və Konqresin aşağı palatasında işləməyə davam edəcək.
Xatırladaq ki, hazırkı Konqresdə Pelosi Nümayəndələr Palatasının spikeri vəzifəsini tutur. Bununla belə, noyabrın 8-də keçirilən aralıq seçkilərdən sonra Demokratlar Nümayəndələr Palatasında çoxluğu itirərək, ona nəzarəti Respublikaçılar Partiyasına ötürüblər. Bu baxımdan Konqresin aşağı palatasının növbəti spikeri respublikaçı olacaq. Gözlənildiyi kimi, bu vəzifəni Nümayəndələr Palatasının respublikaçı fraksiyasının lideri olan Kevin Makkarti tutacaq.
Mənbə: TASS