Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci il noyabrın 20-də Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Astana şəhərinə səfər edib.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən İnfoteka.az-a verilən xəbərə görə, Azərbaycan Mərkəzi Seçki Komissiyası nümayəndə heyətinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirakı Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən gerçəkləşdirilir.
Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinin inkişaf perspektivləri və seçkilər sahəsində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qazaxıstanın paytaxtında yerləşən seçki məntəqələrində müşahidə aparacaq və səsvermə günü proseslərini izləyəcəklər.