Infoteka.az
İdman

Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

İnfoteka.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşıb. Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılan görüş millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk təhlükəli vəziyyəti 5-ci dəqiqədə meydan sahibləri yaradıblar. Amma Elif Elmasın zərbəsində dəqiqlik çatmayıb. 10-cu dəqiqədə Musa Qurbanlının yaxın məsafədən sol ayaqla zərbəsi zəif alınıb. 15-ci dəqiqədə Ramil Şeydayevin sol cinahdan yerlə ötürməsinə Emin Mahmudov toxunsa da, müdafiəçi son anda topun qapıya getməsinə mane olub. 4 dəqiqədə sonra rəqib müdafiəçilər bu dəfə Musa Qurbanlının zərbəsini zərərsizləşdiriblər. 25-ci dəqiqədə isə hesab açılıb. Aleksey İsayevin kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Enis Bardi Şimali Makedoniyanı önə çıxarıb. Meydan sahiblərinin qol sevinci 13 dəqiqə çəkib. 38-ci dəqiqədə Elvin Cəfərquliyev düşünülmüş hücumu məntiqi sonluqla başa çatdırıb. 22 yaşlı müdafiəçi yığmadakı 8-ci oyununda ilk qolunu vurub. 43-cü dəqiqədə Mahmudovun ötürməsi zamanı avtoqol qeydə alına bilərdi. Lakin son anda top qapının yanından keçib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dəqiqədə İlya Nestorovskinin yaxın məsafədən başla vurduğu top tirin üstündən keçib. Birinci hissə bu hesabla başa çatıb.

İkinci yarıya daha fəal başlayan Azərbaycan millisi 49-cu dəqiqədə 2-ci qola yaxın olub. Cəfərquqilyevin dubl etməsinə Damyen Şişkovski mane olub. 52-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Boban Nikolov ikinci sarı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən yığma 65-ci dəqiqədə Musa Qurbanlının qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu, 20 yaşlı hücumçunun millidə ilk qolu olub. 72-ci dəqiqədə Mahir Emrelinin zərbəsini Şişkovski çətinliklə küncə çıxarıb. 75-ci dəqiqədə Höccət Haqverdi birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. 79-cu dəqiqədə Şimali Makedoniyadan Yani Atanasovun zərbəsi qapı tirinə tuş gəlib. 88-ci dəqiqədə Enis Bardinin zərbəsi tirdən qayıdıb. Matçda son nöqtəni isə Şeydayev qoyub. O, 89-cu dəqiqədə Azər Salahlanın ötürdüyü topu başla qapıdan keçirib.

Beləliklə, Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb.

Infoteka.az