Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İnfoteka.az “Anadolu”ya istinadən xəbər verir ki, məktubda deyilir:
“Cənab Prezident, əziz qardaşım,
Yeni Azərbaycan Partiyasının qurulmasının 30 illiyi münasibətilə bütün YAP üzvlərini və qardaş Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin yaratdığı YAP ilk gündən etibarən böyük xidmətlər göstərib, Azərbaycanın qabaqcıl siyasi partiyası olub və bu gün güclü rəhbərliyiniz altında bütün sahələrdə uğurlar əldə etməyə davam edir.
Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə tam əminəm. YAP-ın qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm”.