“Rusiya Ukraynanı bir neçə günə işğal edə biləcəyini hesab edirdi, artıq 9 ay keçib və Rusiya hər gün geriləyir”.
İnfoteka.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyasında çıxışı zamanı deyib.
Alyansın Baş katibi deyib ki, Ukrayna öz torpaqlarını azad edir və bunun ən yaxşı nümunəsi bu günlərdə azad edilən Xersondur:
“Ancaq eyni zamanda, Rusiyanın hərbi imkanlarını aşağı qiymətləndirərək böyük səhv etməməliyik”.
O deyib ki, Rusiyanın hələ çox sayda hərbi qüvvələri, canlı qüvvəsi var: “Bu gün Rusiya dronlarla, raketlərlə Ukrayna şəhərlərini, mülki əhalini, infrastrukturu hədəf alır. Biz Ukraynanı uzun müddət üçün dəstəkləməyə hazır olmalıyıq”.
Yens Stoltenberq deyib ki, bu müharibənin nəticələri ilə həm də Avropa üzləşir: “Enerji və ərzaq qiymətləri artır, bizim bu itkilərimiz pulla ölçülür, ancaq ukraynalıların itkiləri qanla ölçülür. Və əgər biz Prezident Putinin qalib gəlməsinə imkan versək,biz bunun bədəlini ödəyəcəyik. Avtoritar rejimlər güc vasitəsilə hər şeyə nail ola biləcəklərini düşünəcəklər. Biz Ukraynaya yardım siyasətimizi davam etdirməliyik”.