“Peyk yayımı Rusiyaya qarşı növbəti sanksiyalar paketinə daxil edilməlidir”.
Bu fikir Avropa Parlamentinin 39 deputatdan ibarət qrupu tərəfindən irəli sürülüb.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelə ünvanlanmış məktubda bildirilir.
Bu ilin martında Avropa İttifaqı öz ərazisində Rusiyanın RT kanalının yayımını və “Sputnik” agentliyinin fəaliyyətini qadağan edib. Eyni zamanda müraciət müəllifləri qeyd ediblər ki, Fransanın “Eutelsat” peyk operatoru və Lüksemburq SES onlara Avropa İttifaqı, Rusiya, Afrika və Ukraynada yayım xidmətləri göstərməkdə davam edib.
“Təəssüf ki, mövcud qanunvericilik bazası və Şuranın qərarları Aİ-də yayımlanan bütün Rusiya kanallarına qadağa qoyulması üçün kifayət qədər hüquqi əsas vermir”, - deyə müraciətin mətnində bildirilib.
Məktubun müəllifləri təklif ediblər ki, növbəti sanksiyalar paketinə Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yayan Rusiya telekanallarının və radiostansiyalarının yayımına tam qadağa qoyulması daxil edilməlidir.
Mənbə: TASS