“Müəyyən sayda tərəfdarın olmalıdır ki, siyasi partiya kimi qeydiyyata düşəsən. Bu baxımdan 10 min üzv tələbinə etiraz edirdilər. Biz sadəcə, konsensusa getdik və bu sayı 5 minə endirdik”.
İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən mətbuat konfransında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, əslində hüququ baxımdan tənqidlər tək rəqəmlərlə bağlı deyil: “Yanaşma 1990-cı ildən fərqli yeni tələb qoyulması ilə bağlıdır. Bunu da Konstitusiyaya zidd olduğunu deyirlər. Mən çalışacam ki, parlamentdə təmsil olunan hüquqşünaslar və müxalif hüquqşünaslar arasında konsensus əldə edilsin. Çünki Konstitusiyaya zidd olduğunu deyənlərə qulaq assaq, biz gərək qanunvericiliyə dəyişiklik etməyək. Bizi vəziyyəti ağırlaşdırmaqda ittiham edirlər. Bu baxımdan bu kimi tələblərin Konstitusiyaya zidd olması fikri ilə razı deyiləm. Keçid müddəaları da Konstitusiyaya zidd hesab edirlər. Bu baxımdan biz Milli Məclisdə müzakirələr aparacağıq”.
Parlament sədrinin birinci müavini qeyd edib ki, dövlət qulluqçularının siyasi partiyalara üzv olması məsələsi qaldırılmışdı: “20.5-ci maddədə hansı dövlət qulluqçularının siyasi partiyaya üzv ola bilməyəcəyini çox dəqiq göstərmişik. Dövlət qulluqçusu siyasi partiya üzvüdür, amma vəzifəsinin icrası ilə bağlı onun siyasi dünyagörüşü vəzifəsi ilə ziddiyyət təşkil etməməlidir. Dövlət qulluqçuları “Dövlət qulluğu haqqında qanunun” tələblərinə uyğun fəaliyyət göstərirlər. Eyni zamanda dövlət qulluqçusu öz vəzifə səlahiyyətlərini yerinə yetirdiyi dövr istisna olmaqla, siyasi partiyaya üzv ola bilər”.
Qeyd edək ki, keçid müddəalarına əsasən, qeydiyyatda olan partiyalardan üzvlərinin sayını 5 minə çatdırmaq tələb olunur və qanun qüvvəyə mindikdən sonra həmin partiyalara bununla bağlı 180 gün vaxt veriləcək.