Infoteka.az
Siyasət

“Ermənistan KTMT-nin dəstəyinə arxalanmamalıdır” - Korotçenko

“Ermənistan Azərbaycana qarşı avantüraları və təxribatları zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin dəstəyinə arxalanmamalıdır”.

İnfoteka.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının Baş redaktoru İqor Korotçenko KTMT-nin Ermənistanda keçiriləcək sammiti ərəfəsində bildirib.

“KTMT dövlətləri İrəvan üçün özünü “oda atmayacaq”. Ermənistanın Azərbaycana qarşı avantüraları və hərbi təxribatları zamanı KTMT-nin dəstəyinə arxalana bilməz. Daha əvvəl belə cəhdlər çox olub. Lakin təşkilatın demək olar ki, bütün üzvlərinin aydın mövqeyi sayəsində İrəvanın bu cür hərəkətləri rədd edilib”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, təşkilatın videoformatda keçirilən sonuncu növbədənkənar iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyana yerini göstərərək bildirib ki, rəsmi İrəvanla Bakı arasında istənilən problem Rusiyanın vasitəçiliyi ilə danışıqlar masası arxasında həll edilməlidir.

İ.Korotçenko əlavə edib ki, Azərbaycan KTMT üzvləri tərəfindən dost və müttəfiq dövlət, Prezident İlham Əliyev isə nüfuzlu və hörmətli lider kimi qəbul edilir: “Buna görə də təşkilat Ermənistan tərəfində tərəflər arasındakı qarşıdurmaya müdaxilə etməyə deyil, məsələlərin müzakirəsinə və həll yollarının axtarışına töhfə verməyə hazırdır”.

Politoloqun fikrincə, İrəvanda keçiriləcək sammitdə Ermənistan rəhbərliyi yenə də hansısa formada vəziyyəti təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışacaq: “Ancaq aydındır ki, işğalçı dövlət məhz Ermənistandır və o, Avropa İttifaqını, Fransanı, ABŞ-ı Cənubi Qafqaz regionuna çəkib gətirir. Bununla o, müşahidə missiyalarının formatını tamhüquqlu NATO hərbi kontingentinə dəyişməyə ümid edir. Paşinyan KTMT platformasında Azərbaycana hücum etməyə cəhd göstərsə, bu ölkə növbəti dəfə yerinə otuzdurulacaq”.

Infoteka.az