Noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev partiyanın yaranmasının 30 illiyi münasibətilə tədbirdə iştirak etdi.
Cənab Prezident çıxış nitqində Yeni Azərbaycan Partiyasının üzvlərini “30 illik” tarixi gün münasibətilə təbrik etdi. Partiyanın yaranması tarixinə nəzər salan Prezident öz çıxışında partiyanın çətin günlərdən keçərək bu günlərə necə çatdığı barədə məlumat verdi.
“Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar ” söyləyən Prezident “91-lərin” Heydər Əliyevə məşhur müraciətindən söhbət açdı. Məhz elə bu müraciət əsasında Naxçıvanda “91-lərin” xahişinə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. 500-dən çox nümayəndənin iştirak etdiyi bu konfrans ölkə tarixində yeni səhifənin açılmasında mühüm rol oynadı.
90-cı illərdəki siyasi, iqtisadi, sosial vəziyyətə qısa tarixi baxış keçirən cənab Prezident həmin dövrdə ölkənin ağır siyasi vəziyyətindən, erməni mənfurları tərəfindən işğalından danışdı. Ölkədə yaranmış bu çətin günlərdə cəmiyyətin Heydər Əliyevə inamı böyük idi. Çünki ancaq o, ölkəni belə mürəkkəb şəraitdən çıxara bilərdi.
Bütün bunları nəzərə alan ziyalı şəxslərin, xalqın tələbi ilə Heydər Əliyev Bakıya-böyük siyasətə dəvət olundu. Oktyabr ayında Prezident seçilən Heydər Əliyevin düzgün hesablanmış siyasəti sayəsində ölkənin başı üzərini almış qara buludlar çəkildi, uğurlu, parlaq gələcəyə inam yarandı. 1995-ci ildə noyabr ayının 12-də Konstitutisiyamız qəbul olundu. Məhz bu hadisədən sonra dövlətçiliyin əsasları qoyuldu, dövlət təsisatları düzgün şəkildə formalaşdı. Bundan sonra beynəlxalq münasibətlərdə ölkəmizə qarşı olan mənfi ictimai rəy aradan qaldırıldı, informasiya blokadası yarıldı. Azərbaycanın həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Prezidentin qeyd etdiyi kimi Heydər Əliyevin uğurlu siyasəti iqtisadiyyat bölməsində tətbiq olundu və biz ölkə olaraq çox ciddi iqtisadi islahatlara da start verdik. Bu prosesə qısaca nəzər salaraq xatırladaq ki, ölkə olaraq bu dövrdə planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid etdik. Xarici sərmayənin Azərbaycana axını üçün ilk növbədə sabitlik yaradıldı. Məşhur “Əsrin müqaviləsi”nin imzalanması da məhz bu illərə təsadüf edir. “Əsrin kontraktı” və neft-qaz sahəsində imzalanmış yeni layihələr sayəsində ölkədə güclü maliyyə zəmini yaradıldı.
Qeyd etməliyik ki, məhz elə bu zamandan siyasi-iqtisadi müstəvidə atılan addımlar bizə indi də imkan verir ki, müstəqil iqtisadi siyasət kursumuzu davam etdirək və beynəlxalq arenada müstəqil dövlət kimi öz sözümüzü deyək.
2003-cü il ölkənin ictimai-siyasi həyatında önəmli hadisə ilə yadda qaldı. Azərbaycan xalqı bir daha müdriklik nümayiş etdirərək, Heydər Əliyev siyasətinə səs verdi. Ulu Öndərimiz bu zaman öz çıxışında bildirmişdir: ”Biz bir çox işləri gördük, ancaq görə bilmədiyimiz bir çox işləri mənim davamçılarım görəcək”.
Məhz belə də oldu. Xalqımız Heydər Əliyevin uğurlu siyasi kursunun davamçısı kimi İlham Əliyevə növbəti prezident seçkilərində etimad göstərərək səs verdi.
Cənab Prezident İlham Əliyev isə bu etimadı doğruldaraq, ölkədə uğurlu siyasi, iqtisadi və sosial islahatlar apardı. Keçirilən uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı salındı, həmçinin kredit reytinqimiz yaxşılaşdı. Həmçinin İlham Əliyev çıxışında qeyd edərək bildirdi ki, “Bu gün hələ də görüləsi işlərimiz çoxdu. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının, həcminin əhəmiyyətli dərəcədə azadılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir.”
Prezident bir sıra önəmli məsələlərdə də aydınlıq gətirdi. O, bildirdi ki, aparılan islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək. Bizə Qarabağı, Şərqi Zəngəzuru yenidən qurmaq üçün güclü iqtisadiyyat lazımdır.
Prezidentin yekun nitqində bildirdiyi kimi, biz Ulu Öndərin vəsiyyəti ilə onun qoyduğu yol ilə hədəfə doğru inamla gedirik! Biz Qarabağı, Zəngəzuru yenidən qururuq. Biz bir daha bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycan xalqı böyük xalqdır.
Beləliklə, 30 illik yubiley münasibətilə keçirilən bu konfransda partiyanın 30 illik fəaliyyəti dövründə əldə edilən uğurlardan və gələcəkdə atılacaq addımlardan danışıldı.
Son olaraq qeyd etməliyik ki, ölkədə, eləcə də beynəlxalq sferada aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz nüfuzu ilə tanınaraq inkişaf etməkdədir.
Əminə Əliyeva
Bakı şəhəri 84 nömrəli tam orta məktəbin müəllimi