Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışını təkcə partiyanın ötən zaman kəsiyindəki fəaliyyətinin təhlilini əks etdirən təbrik nitqi kimi qəbul etmək düzgün olmaz. Çıxışı diqqətlə dinlədikcə hadisələrə obyektiv qiymət verməyi bacaran, qanına vətənpərvərlik ruhu hopan hər bir vətəndaş, sanki bütövlükdə respublikamızın, o cümlədən xalqımızın keçdiyi ictimai-siyasi tarix yoluna nəzər salmış olur.
Cənab Prezident çıxışının əvvəlində partiyanın yarandığı tarixi dövrdə məşhur "91" lər-Azərbaycanın görkəmli nümayəndələrinin, vətənpərvər və ölkənin gələcəyini düşünən insanların addımını yada salmaqla həm də xalqımızın müdrikliyini xatırlamış oldu. Bəli, Azərbaycan xalqı həmişə çətin anda, çıxılmaz vəziyyətdə müdrik, bacarıqlı vətən övladlarına güvənib. O vaxt çox çətin günlərini yaşayan və müstəqilliyinə cəmi 1 il əvvəl qovuşan Azərbaycan YAP-ın Naxçıvanda keçirilən təsis konfransında qəbul etdiyi tarixi qərarlarla ölkənin taleyində yeni bir səhifə açdı.
Demokratik inkişafın ləng getdiyi, senzuranın hökm sürdüyü, insanların sosial vəziyyətinin ağırlaşdığı, güclü infilyasiya ilə müşayiət olunan çətin iqtisadi zamanda yaranan YAP Heydər Əliyev dühasının daha bir göstəricisi oldu. Nizami ordunun olmadığı bir vaxtda -1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı həm mənəvi həm də hərbi-strateji cəhətdən faciə idi.
İnsan övladı inamını itirdikdə hər şeyini itirmiş olur. Bəli, Azərbaycan xalqı hələ hər şeyi itirmiş hesab olunmurdu. Çünki onun Ulu Öndərə ilahi inamı sonsuz idi.
YAP-ın təsis konfransından 7 ay sonra xalqın təkidli tələbi ilə Bakıya dəvət edilərək parlament sədri, 11 ay sonra isə prezident seçilən böyük şəxsiyyət ölkənin strateji xəttini müəyyən etdi. Onun siyasətini dəstəkləyən, bilik, bacarıq və təcrübəsindən yararlanmağı bacaran silahdaşları ilə birgə ciddi fəaliyyətə başladı. Dövlətçiliyin əsası qoyuldu: Konstitusiya qəbul edildi. Beynəlxalq təcrid aradan qaldırıldı və informasiya blokadasına son qoyuldu. Ciddi iqtisadi islahatlar fonunda bazar iqtisadiyyatı inkişaf etdi. Bütün bunlar isə təkcə daxili yox, həm də xarici siyasətin milli maraqlar üzərində qurulmasına gətirib çıxardı.
Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı iqtidar partiyası olan YAP-ın sədri cənab İlham Əliyev atdığı hər addımla əsl xalq lideri olduğunu sübut edir. Mənsub olduğu ailənin və xalqın qədrini bilən əsl vətənpərvər kimi cənab Prezident istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə öz sözünü dedi.
Azərbaycan xalqı keçən 30 il ərzində sevincin və kədərin rənginə boyanan çox günlər yaşadı. Uğuruna sevinənlərdən çox sevinməyənlər oldu. Bir gözü güldü, bir gözü ağladı. Düşmənin tikanlı “gülüşünə" dözdü. Amma ağıl, səbr və güclü liderin siyasəti ilə sonda ürəkdən gülə bildi. Alnından dərd düyünlərini silərək gülməyi bacaran qalib millət sevincə layiqdir. Şəhidlərimizin qanı, qazilərimizin canı ilə bərabər ölkə rəhbərimizin düşünən beyni və möhkəm "Dəmir yumruğu" ilə bu sevinc haqqını qazandıq. Bu haqqın içərisində bütün xalqımızla birgə 30 illik tarixi yaşayan Yeni Azərbaycan Partiyasının da payı var.
Yaşa, Qalib Azərbaycan! Var ol, Yeni Azərbaycan Partiyası!
Kəminə Zalova
Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi