Infoteka.az
Siyasət

Kəlbəcər doğma sahiblərinə qayıtdı

       Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, habelə Milli Ordumuzun əsgər və zabitlərinin şücaəti nəticəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbədən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan 2020-ci ili noyabr ayının 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdi.

Ermənilərin 30 ilə yaxın işğalı nəticəsində Kəlbəcərdə olan bütün yeraltı, yerüstü sərvətlərimiz istismar olunub, talanıb. Düşmən hər şeyi özününküləşdirərək iyrənc əməllərindən geri qalmamışdır. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr də məhv edilmişdir. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Qarabağın müxtəlif bölgələrində qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Bununla yanaşı, qədim memarlıq abidəsi sayılan məscidlərimiz və onların minarələri vəhşicəsinə uçurulmuş, ziyarətgahlar darmadağın edilmişdi.

Azərbaycan bu gün bütün imkanlarını səfərbər edərək erməni işğalından azad olunan torpaqlarda geniş quruculuq işləri aparır. Bu qədim şəhərdə dövlət başçısının fərman və sərəncamları çərçivəsində ilyarımdan artıqdır ki, tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən layihələrdə tarixi və dini abidələrin, yerli memarlıq üslubunu özündə təcəssüm etdirən binaların, digər tikililərin əvvəlki görkəmi özünə qaytarılmaqla bərpa edilir.

Kəlbəcər Azərbaycanın həm də kurort, turizm mərkəzi olub. Təkcə müalicəvi İstisu bulaqları bütün dünyada məşhur idi. Hələ işğaldan əvvəl buranın əsas gəlir mənbəyi turuzm idi. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Kəlbəcər öz unikallığı, qədimliyi və təmiz havası ilə bütün SSRİ-nin əsas turizm mərkəzlərindən biri hesab olunurdu. Hələ sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox tanınan idi. Kəlbəcər isə tarixi, sağlamlıq və mədəni turizm mərkəzi kimi ad çıxartmışdı.

Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlərin Qarabağda inşa edilən hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirmələrinə imkan yaradacaqdır.

 

Yunis Əsgərli

Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini

Infoteka.az