Infoteka.az
Hərbi

Müdafiə Nazirliyi Rusiya sülhməramlılarını ermənilərin təxribatlarının qarşısını almağa çağırıb

Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarını ermənilərin təxribatçı fəaliyyətlərinin qarşısını almağa çağırıb.

İnfoteka.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.

Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir.

Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.

Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.
Eyni zamanda onu da bəyan edirik ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır.
Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.

Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq", - Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Infoteka.az